İDMAN
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında 32 xalla üçüncü pillədə qərarlaşan "Qəbələ" 34 xalla ikinci sıradakı "Zirə"ni qəbul edəcək. "Qırmızı-qaralar" qalib gələcəkləri təqdirdə, ikinci pilləyə yüksələcəklər.
Komandalar indiyədək Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Əvvəlki görüşlərin 8-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu meydanı 3 xalla tərk edib. On iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 29:22. "Qəbələ"nin meydanındakı son üç çempionat oyununda qalib müəyyənləşməyib. “Zirə” 4 matçdır ki, rəqibinə qalib gələ bilmir.
Tura "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq. Hazırda son ölkə çempionu 34 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-cidir.
Əvvəlki 37 oyunun 17-də meydan sahibləri, 12-də qonaqlar qələbə qazanıblar. Səkkiz görüşdə isə qalib olmayıb. Topların nisbətində də "ağ-qaralar" üstünlüyə malikdir - 54:43. Bu mövsüm komandalar arasında Premyer Liqadakı hər 2 matç heç-heçə ilə nəticələnib. Ardıcıl 8 qarşılaşmada meydan sahibi olan komanda qələbə qazanmayıb.
"Neftçi" yalnız qələbə təqdirində, "Qəbələ" - "Zirə" matçının nəticəsindən asılı olmayaraq, bir pillə irəliləyəcək.