CƏMİYYƏT
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 300 mindən çox vətəndaşın 42 milyondan artıq müraciəti daxil olub
Bakı, 4 mart, AZƏRTAC
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 300 mindən çox vətəndaşın 42 milyondan artıq müraciəti daxil olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.
Qeyd edək ki, hazırda ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.
Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət göstərilir.
“ASAN Kommunal” mərkəzlərində isə vətəndaşlar “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən göstərilən 55 növ xidmətdən yararlana bilərlər.