REGİONLAR
Bu günədək ölkə üzrə 100 tonadək yaş barama təhvil verilib
Bakı, 8 iyun, AZƏRTAC
Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 8-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 99,33 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 7-də qeydə alınıb və həmin tarixdə kümçülər ümumilikdə 31,49 ton yaş barama təhvil veriblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, barama tədarükünə görə, Zərdab, Füzuli, Balakən, Zaqatala, Kürdəmir və Şəki rayonları öndədir. Bu günədək Zərdabda 30,19 ton, Füzulidə 22,82 ton, Balakəndə 13,57 ton, Zaqatalada 5,72 ton, Kürdəmirdə 5,64 ton, Şəkidə 5,39 ton yaş barama tədarük olunub. Hazırda isə ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qeyd olunub ki, cari ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. Ötən il kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da əvvəlki ilin göstəricisindən 2,1 dəfə çoxdur.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son 3 ildə Çindən ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə ötən il dekabrın 4-də Çindən gətirilən 1 milyon tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.