CƏMİYYƏT
Bu il 142 - Çağrı mərkəzi tərəfindən 127,2 mindən çox müraciət cavablandırılıb
Bakı, 12 iyul, AZƏRTAC
Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 127 min 253 müraciət daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar əsasən əmək qanunvericiliyi və onun tətbiqi, sosial təminat növləri, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, mənzil və avtomobillə təminat, sosial sığorta və fərdi uçotun təşkili, elektron xidmətlərdən istifadə və s. məsələlərlə əlaqədar müraciət ediblər.
Ümumi müraciətlərin böyük əksəriyyəti sorğu xarakteri daşıyıb və həmin sorğuların hər biri ilə bağlı vətəndaşlara izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Vətəndaşlar 142 - Çağrı mərkəzinə zəng edərək 0 düyməsini, bundan sonra 1 düyməsini seçməklə və şəxsiyyət vəsiqəsinin nömrəsi və doğum tarixini (rəqəm ifadəsində, məsələn, 1970-ci ilin 10 iyun tarixi -10.06.1970 kimi) daxil etməklə - əlillik, 0 düyməsini, bundan sonra 2 düyməsini seçərək və şəxsiyyət vəsiqəsinin nömrəsini, ərizə-bəyannamənin son 4 rəqəmini daxil etməklə ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı müraciətlərinin nəticəsi barədə məlumat əldə edə bilərlər.
Əlillik və ya sosial yardımla bağlı müraciətlərinə dair informasiya sistemində məlumat olmadıqda bu barədə də vətəndaşa məlumat verilir.