CƏMİYYƏT
Bu il 97 nəfərə “Əmək veteranı” vəsiqəsi verilib
Bakı, 30 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ildə 97 nəfərə “Əmək veteranı” adı və vəsiqəsi verilib. Onlardan 74 nəfəri kişi, qalanları qadınlardır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşların (kişilərin 40 ildən artıq, qadınların 30 ildən artıq əmək stajı olduqda) “Əmək veteranı” adı və vəsiqəsi almaq hüququ var. Bu ad və vəsiqə onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən, pensiyaya çıxmış şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir. Hazırda işlədiyi, yaxud sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda, işləyən, yaxud da pensiyaya çıxmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin olunurlar.
“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki müvafiq alt-bölmədə yerləşdirilib.