REGİONLAR
Bu il Balakəndə 44 min tondan çox dən qarğıdalı istehsal olunub
Balakən, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Builki mövsümdə rayonun fermerləri 7 min 213 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 173 hektar artırılıb.
Balakən Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, təsərrüfatlarda qarğıdalı yığımı artıq başa çatıb. Balakənli fermerlər bu il qarğıdalı sahələrindən 44 min 173 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.
İdarədən bildiriblər ki, təsərrüfatlarda soya biçini də başa çatıb. Fermerlər bu il 64 hektar soya sahəsindən 65 ton məhsul tədarük ediblər.