DÜNYA
Bu il Dubayda heç bir mənzil oğurluğu faktı qeydə alınmayıb
Əbu-Dabi, 12 iyul, AZƏRTAC
Təhlükəsizliyi təmin edən intellektual sistemin tətbiqi sayəsində bu il Dubayda heç bir mənzil oğurluğu faktı qeydə alınmayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Dubayın Cinayət Axtarışı Polisinin başçısı Rəşid Abdul Rəhman bin Zabavi Əl-Fələsinin bəyanatına görə, hüquq mühafizə orqanlarının təşəbbüsü ilə həyata keçirilən mənzil təhlükəsizliyinin təmin edilməsi proqramına həm Əmirliklərin vətəndaşları, həm də ekspatriantlar tərəfindən böyük tələbat var. O bildirib ki, Dubay polisi mənzil oğurluqları ilə bağlı cinayətlərin səviyyəsini azaltmaq üçün bu sistemdən istifadə edir.
Təhlükəsizliyi təmin edən intellektual sistem məzuniyyətdə olan vətəndaşların mənzillərini qoruyan mühafizə mexanizmindən ibarətdir. Vətəndaşın ölkənin hüdudlarını tərk etməsindən, yaxud ölkədə səyahət etməsindən asılı olmayaraq bu sistem işləyir. Maraqlıdır ki, sistemdə qeydiyyatdan keçmək pulsuzdur: polis patrulları qeydiyyatdan keçən hər bir vətəndaşın evinin ətrafında tamamilə havayı dolanır, lazım gəldikdə isə şübhəliləri tutub saxlayır.
Polisin məlumatına görə, bu intellektual sistemdən istifadə edənlərin sayı bu il 35 faiz artıb və bu artım artıq bir neçə ildir sabit davam edir: ötən il 30 faiz, 2016 və 1014-cü illərdə müvafiq olaraq 17 və 15 faiz. Arzu edən hər kəs öz smartfonundan, yaxud Dubay polisinin saytında kompleks smart-proqrama qoşula bilər. Başqa ölkədə olan vətəndaş isə qaynar xəttə zəng etməklə mənzilinin mühafizəsini təmin edə bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi