REGİONLAR
Bu il Neftçalada 41 min hektar payızlıq taxıl əkilməsi planlaşdırılıb
Neftçala, 24 noyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini uğurla davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 121 min 316 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 41 min 116 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 34 min 627 hektar sahəyə toxum səpiblər ki, bunun da 30 min 610 hektarı arpa, 4 min 17 hektarı isə buğda sahələridir. Rayonun Sarıqamış, Xəzərkənd, Xolqaraqaşlı və Xolqarabucaq kəndlərində səpin kampaniyası daha nümunəvi təşkil olunub. Bu kəndlərdə fəaliyyət göstərən fermerlər gün ərzində 150-200 hektar sahədə səpin aparırlar. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər edirlər.
Qeyd edək ki, bu il Neftçalada 41 min hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.