REGİONLAR
Bu il Qaxda 532 hektar sahədə tütün yetişdiriləcək
Qax, 1 may, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Qax rayonunun təsərrüfatlarında 532 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Bir neçə gündür ki, fermer təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər Zəyəm, Qorağan, Tasmalı kəndlərinin təsərrüfatlarında 20 hektara yaxın sahədə “Virciniya” növlü tütün əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar ilkin olaraq 70 fermerlə müqavilə bağlanılıb. Builki mövsümdə qaxlı fermerlər 517 hektarda “Virciniya” növlü ətirli, 15 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Qorağan kəndindən olan fermer Telman Şahmalıyev bu il rayon üzrə hamıdan çox - 52 hektarda tütün əkməyi planlaşdırır. Fermer ötənilki mövsümdə 100 ton quru tütün istehsal edib.
Xatırladaq ki, 2018-ci ildə rayonda 971,8 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 161 ton artıb.