REGİONLAR
Bu il Qaxda tütün əkini sahələri 500 hektara çatdırılacaq
Qax, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Qax rayonunda ənənəvi istehsal sahələrindən olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafı istiqamətində tədbirlər davam etdiriləcək. Belə ki, cari ildə rayonda tütün əkini sahələrinin ötən illə müqayisədə 169 hektar artırılaraq 500 hektara çatdırılması nəzərdə tutulur. Bu məqsədlə “İnter Tobacco” MMC tərəfindən birinci rübdə cəmiyyətə məxsus istixanalarda 2400 kvadratmetr, ayrı-ayrı fermerlər tərəfindən isə sadə istixanalarda 6560 kvadratmetr sahədə tütün şitili yetişdirilib. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Eyni zamanda, 2017-ci ildə rayonda yaş barama istehsalının əvvəlki illə müqayisədə 8,7 ton artırılaraq 12,5 tona çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu faktlar 2017-ci ilin birinci rübünün yekunları ilə bağlı aprelin 19-da Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda hesabat məruzəsində səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2017-ci ilin birinci rübü rayon iqtisadiyyatı üçün uğurlu olub. Birinci rübdə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 17 milyon 849 min manat təşkil edib. Bu müddət ərzində rayonda 3 milyon 968 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Aqrar sahədə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb. Hesabat dövründə rayonda 289 yeni iş yeri açılıb.
Bildirilib ki, cari ilin birinci rübü ərzində rayonda 408 hektar yonca, 143 hektar tərəvəz, 152 hektar vələmir, 270 hektar kartof əkini aparılıb, 513 hektar yeni fındıq bağları salınıb. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə kənd yerlərində 60 min ədəd tut tingi əkilib.
Qeyd olunub ki, hesabat dövründə rayonun Sarıca-Daşüz ərazisində dənli və paxlalı bitkilərin əkini üzrə ixtisaslaşmış aqroparkın yaradılmasına başlanılıb. Bu məqsədlə dövlət fonduna aid torpaqlardan 2044 hektar ərazi seçilib. Aqroparkın ərazisində pivot suvarma sisteminin quraşdırılmasına başlanılıb və hazırda 4 kilometr uzunluğunda əsas su xəttinin çəkilişi davam etdirilir.
Hesabat məruzəsində, həmçinin birinci rübdə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilib. Bildirilib ki, hesabat dövründə rayon elektrik şəbəkəsi tərəfindən 11 transformator yarımstansiyası əsaslı təmir olunub, 5 ədəd yeni ayırıcı quraşdırılıb. Hazırda 110 kilovoltluq “Qax” və 35 kilovoltluq “İlisu” yarımstansiyalarının, həmçinin rayon elektrik şəbəkəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilir.
İclasda birinci rübdə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.