REGİONLAR
Bu il Şəkidə 200 min tondan artıq taxıl istehsal olunub
Şəki, 16 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 63 min 531 hektar sahənin məhsulu biçilib, 204 min 907 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,3 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 6 min 191 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə şəkili fermerlər 34 min 747,3 hektar buğda sahəsindən 110 min 496 ton, 28 min 783,7 hektar arpa sahəsindən isə 94 min 411 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 31,8 sentner, arpa zəmilərinin isə 32,8 sentner olub.