ELM VƏ TƏHSİL
Bu il magistraturaya qəbul imtahanında yüksək bal toplayanların sayı artıb
Bakı, 4 mart, AZƏRTAC
Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47.57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48.96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı yaydığı məlumatda əks olunub.
Məlumata görə, bu il 91 və daha yuxarı bal toplayanların sayı 17 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 257 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1334 nəfərdir. Ötən il analoji göstəricilər 15, 252 və 1284 nəfər olub. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub.
Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələri martın 2-də açıqlanıb.