CƏMİYYƏT
Bu il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 3660 nəfərə birdəfəlik müavinət ödənilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3660 nəfəri birdəfəlik müavinətlə təmin edib. Onların hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının 4 misli qədər, yəni 464 manat məbləğində birdəfəlik müavinət ödənilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, digər sosial müavinətlər kimi, onun da plastik kartlarla bankomatlar vasitəsilə ödənişi həyata keçirilib.
Nazirlər Kabinetinin bu il oktyabrın 17-də verdiyi 434 nömrəli Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb. Hazırda Qobustan rayonunda inşası yekunlaşmaqda olan Mərkəz istifadəyə veriləndən sonra onların sosial mühitə adaptasiyası, eləcə də peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olanların gələcəkdə məşğulluq imkanlarına maılik olmaları məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilir. Bu ilin 9 ayında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 164 nəfər üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında müəyyən ixtisaslara yiyələnmək üçün hazırlıq kursları təşkil edilib. Kurslarda inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, dülgər-xarrat və s. peşələr öyrədilib və kursları bitirəndən sonra onlara peşə şəhadətnamələri təqdim olunub.
Nazirliyin məşğulluq orqanları sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması üçün də işlər aparır.