DÜNYA
Bu il üçün telekommunikasiya sahəsi üzrə proqnoz dərc edilib
Bakı, 20 fevral, AZƏRTAC
Biznes proseslərinin optimallaşdırılması və iritutumlu məlumatların (“Big Data”) emalı üçün dünyanın ən böyük proqram təminatı istehsalçısı Almaniyanın “Software AG” şirkəti 2019-cu il üçün telekommunikasiya sahəsinin inkişafı üzrə proqnoz təqdim edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkət nümayəndələrinin fikrincə, operatorlar daha aktiv olmalıdır, çünki onların başlıca rəqabətli üstünlükləri olan şəbəkə qoşulmalarının mərkəzləşdirilmiş idarəetmə texnologiyaları, yüksək keyfiyyətli mobil rabitə və mobil internetə çıxış, geniş ərazi əhatə dairəsi tədricən adi xidmət parametrlərinə çevrilir.
Məlumata görə, rabitə xidmətləri tədarükçüləri ilk növbədə sifarişçilərə kontentin alınması, saxlanılması və emalı ilə əlaqədar xidmətlər göstərməyə başlayacaqlar. Bunun üçün yeni kommunikasiya və tərəfdaş kanalları əhatə edən yeni biznes modellərinə tələbat artacaq.
Ekspertlərin proqnozuna görə, tezliklə bütün rabitə xidmətləri tədarükçüləri “Əşyalar interneti” (Internet of Things, IoT) platformalarını xidmət şəklində (IoT as a Service, IoTaaS) təqdim etməyə başlayacaqlar və bu platformaları sifarişçilərin fəaliyyət göstərdiyi sahələrə və onların sahə üzrə tələbatlarına uyğunlaşdırmaq mümkün olacaq.
Rabitə xidmətləri tədarükçüləri şəbəkələri vasitəsilə yalnız öz sifarişçilərinə xidmətlərin göstərildiyi qapalı informasiya texnologiyaları arxitekturaların istifadəsindən imtina edərək açıq arxitekturalı və standartlaşdırılmış tətbiqi proqramlaşdırma interfeysləri vasitəsilə çıxışa malik platformalara üstünlük verəcəklər.