REGİONLAR
Bu ilin “Cümhuriyyət İli” elan edilməsinin dərin məna yükü, böyük tarixi əhəmiyyəti var VİDEO
Xırdalan, 6 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra tədbir rayon ziyalılarının iştirakı ilə mərkəzin akt zalında davam edib.
Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi, Əməkdar Müəllim Təyyubə Hüseynova bildirib ki, ölkə Prezidenti tərəfindən 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsinin dərin məna yükü, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindən xəbər verən qərardır.1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə cümhuriyyətini elan edib və demokratik dövlət qurub. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir göstərə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ təsbit etməklə bütün dünya demokratiyasına böyük töhfə verib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev qeyd edib ki, cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlanıb. Lakin Cümhuriyyət tarixinin sistemli araşdırılmasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynayıb. Bu baxımdan Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında 2017-ci il mayın 16-da imzaladığı Sərəncam, bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması böyük əhəmiyyət daşıyır. İ.Vəliyev tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncamların icrası çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlərin xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Bilik Fondunun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov "Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya əsasları və varislik" mövzusunda mühazirə ilə çıxış edib. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin ölkə tarixçiləri tərəfindən yüksək dəyərləndirildiyi bildirib. Qeyd edilib ki, bu, dövlətimizin başçısının Cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısı “İstiqlal Bəyannaməsi” abidəsini ucaltdırıb.
Tarixçi alim tədbir iştirakçılarının Cümhuriyyət dövrünə aid suallarını cavablandırıb.
Sonra Saray 3 saylı tam orta məktəbin kollektivinin hazırladığı kompozisiya nümayiş olunub., Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilən videoçarx göstərilib.
Tədbir diskussiya formatında davam edib.