CƏMİYYƏT
Bu ilin birinci yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri 14,4 min vətəndaşı qəbul ediblər
Bakı, 24 iyul, AZƏRTAC
Bu ilin birinci yarım ilində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 450 vətəndaşın (o cümlədən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəli əsasında bölgələrdə keçirilən qəbullar zamanı 276 nəfərin və Nazirliyin inzibati binasında 174 nəfərin) fərdi qaydada qəbul edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri və Aparat rəhbəri tərəfindən 337 vətəndaşın qəbulu həyata keçirilib.
Eyni zamanda, bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı əvvəlcədən qəbula yazılmayan, lakin qəbula gələn 232 vətəndaşı da nazirliyin rəhbər vəzifəli şəxsləri qəbul ediblər.
Bu ilin 6 ayında nazirliyin inzibati binasındakı qəbul otağına müraciət edənlərin sayı 14 min 421 nəfər olub. Nazirliyin 142 - Çağrı mərkəzi tərəfindən isə 127 min 253 vətəndaş müraciəti cavablandırılıb.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması və müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.