SİYASƏT
Bu ilin birinci yarısında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşü keçiriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Bu ilin birinci yarısında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə fevralın 13-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Görüşdə müzakirə olunan məsələlər barədə danışan E.Məmmədyarov GUAM çərçivəsində strateji əməkdaşlığı genişləndirmək, enerji, ticarət, nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını deyib.
Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında enerji layihələri, iqtisadiyyat, ticarət və nəqliyyat sahələri üzrə əməkdaşlıq inkişaf edib: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu il artıq fəaliyyətə başlayacağına inanırıq. Digər tərəfdən, bu dəmir yolu xətti iqtisadiyyatın, ümumilikdə isə Azərbaycanın və Gürcüstanın inkişafı üçün böyük imkanlar yaradacaq”.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir. Eyni şəkildə Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bizim mövqeyimiz qarşılıqlı şəkildə beynəlxalq səviyyədə də dəfələrlə səsləndirilib.