CƏMİYYƏT
Bu ilin doqquz ayında 78 insan alveri qurbanına yardım göstərilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 78 insan alveri qurbanına müxtəlif növ yardımlar göstərib. Həmçinin qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 21 nəfər potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) da müvafiq yardımlarla təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəz tərəfindən ümumilikdə 99 nəfərin yenidən normal həyata qaytarılması, sosial reabilitasiyası istiqamətində işlər aparılmaqla, bir çoxuna ehtiyacları nəzərə alınmaqla, eyni vaxtda bir neçə növdə yardım edilib.
Onlardan 13 nəfərin nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən münasib iş yeri ilə təmin edilməsinə, 19 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmasına, 14 nəfərin sosial sığınacağa yerləşdirilməsinə kömək göstərilib, 43 nəfərə hüquqi, 36 nəfərə tibbi, 49 nəfərə isə psixoloji yardımların göstərilməsi təmin olunub.
İnsan alveri qurbanlarının və potensial insan alveri qurbanlarından bir çoxunun reinteqrasiyası mümkün olub, qalanları ilə əlaqədar lazımi tədbirlər görülür.