REGİONLAR
Bu ilin doqquz ayında Yardımlıda əhaliyə 13 milyon 467 min manatlıq ödənişli xidmətlər göstərilib
Yardımlı, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin doqquz ayı ərzində Yardımlı rayonunda əhaliyə göstərilmiş ödənişli xidmətin ümumi həcmi 13 milyon 467 min manat olub. Əhaliyə hüquqi şəxslər tərəfindən 1684,7, fiziki şəxslər tərəfindən isə 11782,3 min manatlıq xidmət göstərilib. Bu dövrdə ümumilikdə pullu xidmətə 1980, məişət xidmətinə isə 26,1 manat vəsait sərf edilib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub. Bu ilin doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşənin göstəricilərində azalma qeydə alınıb.
Doqquz ayda Yardımlıda əhaliyə 1 milyon 356 min manatlıq iaşə xidməti göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 91 faiz təşkil edir.
Əhaliyə göstərilmiş iaşə xidmətlərinin bütövlükdə özəl sektora aid olmaqla 5,4 min manatı və ya 0,3 faizi hüquqi şəxslərin, 1350,6 min manatı və ya 99,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Bu dövrdə orta hesabla rayonun hər sakini 19,9 manatlıq iaşə xidmətindən istifadə edib.
Diqqətə çatdırılıb ki, bu il koronavirus pandemiyası səbəbindən Yardımlı rayonunda fəaliyyət göstərən üç mehmanxanadan yalnız biri - “Şəlalə” Turizm Şirkəti MMC mövsümi olaraq əhaliyə xidmətlər göstərib.