CƏMİYYƏT
Bu ilin doqquz ayında bərpa-müalicə müəssisələrində 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa-müalicə müəssisələrində 9083 əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin bərpa mərkəzləri və müalicə pansionatında onlara stasionar və ambulator şəraitdə xidmətlər göstərilib. Onlarla fizioterapevtik müalicə üsullarını əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.
Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 5870 əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq protez-ortopedik bərpa xidmətləri ilə təmin edib. Onlara 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib. Həmçinin mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində protezləşməyə hazırlanma, protezlə hərəkət edilmənin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə xidmətlər göstərilib.