CƏMİYYƏT
Bu ilin iki ayında 473 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub
Bakı, 27 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 473 nəfər işsiz və işaxtaran üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 443 nəfəri nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə həmin kurslara cəlb olunublar.
Xidmətin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınanlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı təqdirdə onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilir. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr (inşaat rəngsazı, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, dülgər-xarrat, kompüter istifadəçisi, qənnadçı, dərzi, xalçaçı və s.) tədris olunur.
Qalan 30 nəfər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təlimə qəbul olunublar.
Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirənlərə peşə şəhadətnamələri verilir, onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən aidiyyəti işlər aparılır.
Gənclərin peşə maraqlarının və peşə meyillərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi üçün peşəyönümü tədbirləri də davam etdirilib. Əsasən orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan həmin tədbirlərdə əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.
Son iki ayda peşəyönümü tədbirlərinə cəlb olunan gənclərin sayı 28,4 min nəfər təşkil edib.