CƏMİYYƏT
Bu ilin ilk yeddi ayında 38 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib
Bakı, 2 avqust, AZƏRTAC
Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində cari ilin iyulunda baş vermiş üç hadisə nəticəsində üç nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə ikisi mülki şəxs olmaqla üç nəfər mina partlamasından yaralanıb. Hadisələrin ikisinə tank əleyhinə mina səbəb olub. Bu ilin iyulunda hadisələr Xocavənd, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazisində baş verib.
Bu barədə AZƏRTAC-a “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.
O deyib ki, ümumilikdə 2022-ci ilin ilk yeddi ayında 38 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da iki nəfəri kasetli silah partlamasından olmaqla üç nəfər həlak olub.
2020-ci il noyabrın 10-dan 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkib. Bu hadisələr nəticəsində 32 nəfər həlak olub, 70 nəfər yaralanıb.
“Bütün rəsmi strukturların və vətəndaş cəmiyyəti təsisatlarının mütəmadi çağırışlarına baxmayaraq, hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da həyatlarını riskə atırlar. İctimai Birlik növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətəndaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar”, - deyə Hafiz Səfixanov vurğulayıb.
Qeyd edib ki, İctimai Birlik Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid məlumat bazasının yaradılması və onların problemlərinin öyrənilərək həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.