REGİONLAR
“Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 8 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 5-9-cu sinif şagirdlərindən ibarət 8 komanda iştirak edib. Kinoviktorinanın keçirilməsində məqsəd məktəblilərin kino biliyinin yoxlanması, milli kinonun təbliğidir.
Yarımfinal mərhələlərində ən yüksək bal toplayan 4 komanda - Ordubad, Şərur, Sədərək və Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbin komandası finalda iştirak etmək hüququ qazanıb.
Finalda Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin komandası I, Ordubad rayon komandası II, Şərur rayon komandası isə III yerə layiq görülüblər.
Sonda qalib komandalara diplomlar təqdim olunub.