REGİONLAR
Bu maketlər orijinalından yalnız ölçülərinə görə fərqlənir FOTO
Quba, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycandakı bir sıra tarixi abidələrin maketlərini hazırlamaqla tanınan qubalı sənətkar Natiq Ağaverdiyev daha bir əl işini yekunlaşdırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, N.Ağaverdiyev bu dəfə Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki “Altı günbəz” adlanan sinaqoqun orijinalından yalnız ölçülərinə görə fərqlənən maketini hazırlayıb.
Üç aya ərsəyə gələn maketdə tarixi abidənin bütün memarlıq üslubu və xarici görünüşdəki ən xırda detallar belə nəzərə alınıb.
On ilə yaxındır bu işlə məşğul olan Natiqin hazırladığı maketlərin sayı yüzə çatır. Onun əl işləri arasında Qubadakı “Cümə” məscidinin, “Günbəzli hamam”ın, eləcə də Qız qalası və Troya atının oxşarları daha diqqətçəkəndir.
Natiq Ağaverdiyevin hazırladığı əl işləri beynəlxalq sərgilərdə də nümayiş etdirilib. Bu işlər Türkiyədə, Gürcüstanda keçirilən müsabiqələrdə xüsusi diploma layiq görülüb.