REGİONLAR
Bu mövsüm Sabirabadda 15 ton barama istehsalı nəzərdə tutulub
Sabirabad, 4 iyun, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla icra olunur.
Rayon kənd təsərrüfat idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 5 ton 34 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 15 ton məhsul istehsal etmək nəzərdə tutulub və bunun üçün kümçülərə 338 qutu (6422 qram) ipəkqurdu toxumu paylanılıb.
Dövlətin baramaçılığın inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda bu sahəyə marağı artırıb. Ötən il rayon üzrə 56 ailə barama istehsalı ilə məşğul olmuşdusa, bu mövsüm 169 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.
Bir neçə gündür ki, sabirabadlı kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. Qısa müddətdə “Şəki-İpək” ASC-yə 895 kiloqram barama təhvil verilib. Məhsul tədarükündə rayonun Nizami, Şəhriyar və Qaralar kəndinin kümçüləri fərqlənirlər. Nizami kənd sakini Teymur Bəhramov bildirib ki, ötən il ailə üzvləri ilə birlikdə 6 qutu ipəkqurdu bəsləyərək 750 kiloqram barama tədarük edib: “35-40 gün ərzində istehsal etdiyimiz məhsuldan 6750 manat gəlir götürdük. Bu il də 6 qutu ipəkqurdu toxumu götürüb bəsləyirik. Bu günə kimi 200 kiloqramdan çox məhsul tədarük etmişik. Hələ toplanmamış məhsulumuz çoxdur. Təxmini hesablamama görə, məhsulumuz ötənilkindən də çox olacaq”.
Rayonda barama tədarükü davam edir.