CƏMİYYƏT
Bu qan yerdə qalmayacaq...
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Universitetin mətbuat xidmətindən bu barədə AZƏRTAC-a məlumat verərək bildiriblər ki, çıxış edənlər fevralın 25-dən 26-na keçən gecə baş verən dəhşətli soyqırımı erməni vandalizminin bir nümunəsi, onu törədənlərin əməllərini vəhşilik və qaniçənlik adlandırıb. Qeyd olunub ki, həmin gecə Xocalı şəhərində ermənilərin törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır.
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev Xocalıda baş verən hadisəni insanlığa qarşı törədilmiş ən qəddar və dəhşətli faciə olduğunu söyləyərək qeyd edib ki, Xocalıda törədilən soyqırımı dünyada analoqu olmayan terror aktıdır, bəşəriyyətə, insanlığa qarşı törədilən bir qətliamdır: “Çünki ana övladının, uşaqlar valideynlərinin, qardaş bacının, nəvələr baba-nənənin gözü qarşısında qətlə yetirilib. Bu, dünyada analoqu olmayan cinayətdir”.
İnsan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev Xocalı soyqırımının qaranlıq məqamlarının araşdırılması üçün hələ çox işlərin görülməsinin vacibliyindən danışaraq: “Xocalı şəhərinin müdafiəçiləri, onun vətənpərvər və qəhrəman övladları haqqında nə qədər yazılsa da, onun mənəviyyat və dəyər mahiyyətinin açılmamış səhifələri, sirli məqamları hələ də qalmaqda davam edir. Xocalı soyqırımı və onun günahkarları isə gec-tez ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”,- deyib. O, bəşəriyyətin ən dəhşətli faciəsini törədənlərin öz layiqli cəzalarını alacağına ümid etdiyini bildirib.
ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev Xocalı soyqırımının ermənilərin törətdiyi ən böyük vəhşilik kimi tarixə düşdüyünü söyləyib: “Bu hadisə dəhşətli, heç bir normaya sığmayan beynəlxalq terrorizm nümunəsi kimi qiymətləndirilməlidir”.
Universitetin mikrobiologiya və immunologiya kafedrasının dosenti Səidə Zeynalova isə atasının məktəb direktoru işlədiyi şəhid-şəhərin üzləşdiyi faciədən, 7 min nəfərin yaşadığı yaşayış məntəqəsinin bir gecənin içində yerlə-yeksan edilməsinin ağrılarından bəhs edərək dünya birliyini bu ədalətsizliklə barışmamağa çağırıb.
ATU-nun II müalicə-profilaktika fakültəsinin tələbəsi Xatun Məmmədova ermənilərin qətlə yetirdiyi günahsız insanların qanının yerdə qalmayacağına inandıqlarını ifadə edib.