DÜNYA
Budapeşt beynəlxalq aeroportu Şərqi Avropada ən yaxşı aeroport titulunu qoruyub saxlayıb
Budapeşt, 9 sentyabr, AZƏRTAC
Budapeşt beynəlxalq aeroportu “Şərqi Avropanın ən yaxşı hava limanı” kateqoriyasında nüfuzlu “Skaytreks” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Macarıstan paytaxtındakı bu aeroportu dalbadal səkkizinci ildir ki, həmin nominasiyada qalib gəlir. Sözügedən mükafat on minlərlə sərnişin arasında aparılmış rəy sorğusunun nəticələrinə əsasən verilir. Onlar hava limanlarının xidmətlərindən, o cümlədən qeydiyyat prosedurundan, sərnişinlərə xidmətin keyfiyyətindən və təhlükəsizlik səviyyəsindən razı olub-olmamaları barədə suallara cavab verirlər.
Budapeşt aeroportu bu dəfə də Şərqi Avropada ən yaxşı aeroport hesab edilib. Bu, xüsusən ona görə vacibdir ki, son 18 ay aviasiya sənayesi üçün ən mürəkkəb dövr olub, bu müddətdə hər kəsdən əlavə səy göstərilməsi tələb olunub. Ona görə də builki mükafat macarlar üçün xüsusi əhəmiyyət kəsb edir, çünki sərnişinlər aeroportun ümumi işi ilə bərabər, işçilərin pandemiyaya reaksiyasını da qiymətləndiriblər.
Onu da qeyd etmək lazımdır ki, son iki ildə bu aeroporta 167 milyon avro məbləğində sərmayə qoyulub. Bu məbləğin yarısı keçən il, pandemiya dövründə reallaşdırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt