DÜNYA
Budapeşt vaksin məsələsinin siyasiləşdirilməsinə görə Avropa İttifaqını tənqid edir
Budapeşt, 13 iyul, AZƏRTAC
Budapeşt koronavirus əleyhinə vaksinlərin bəyənilməsi məsələsinin siyasiləşdirilməsini Avropa İttifaqının böyük səhvi hesab edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.
Macarıstan diplomatiyasının rəhbəri deyib: “Pandemiyadan əvvəlki dövrdə həkim mənə resept yazanda, mən dərman almaq üçün aptekə gedir və preparatın hansı ölkədə, kim tərəfindən istehsal edilməsinə fikir vermirdim. İndi yeni fenomen yaranıb: vaksinin kim tərəfindən istehsal edilməsini soruşuruq”.
Nazir daha sonra qeyd edib ki, COVID-19-a qarşı Rusiyada və Çində istehsal edilmiş vaksinləri Macarıstan laboratoriyalarında diqqətlə təhlil edərək onların səmərəli və təhlükəsiz olması qənaətinə gəliblər.
Macar alimlər hətta Rusiyada və Çində vaksin istehsal edilən fabriklərdə olub, bütün zəruri sənədləri tədqiq edib və istehsal prosesini öyrəniblər.
Macarıstan XİN başçısı Avropa İttifaqını kəskin tənqid edərək deyib: “Brüssel isə hələ də vaksinasiyaya geosiyasi və ideoloji məna verir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt