MƏDƏNİYYƏT
Budaqlar kökdən su içir…
Bakı, 3 noyabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Fidan Hacıyeva və Vokal Musiqi Məktəbinin tələbələri birgə “Duet” adlı konsert proqramı ilə çıxış ediblər. Bu, onların ilk ən böyük konserti olub. Bundan əvvəl isə onlar Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, müxtəlif festival və yarışmalarda çıxış ediblər.
Son konsert barədə AZƏRTAC-a məlumat verən Xalq artisti Fidan Hacıyeva deyib: “Tələbələr yay uzunu bu konsertə ciddi hazırlaşıblar. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının qələmə aldığı əsərlər səsləndirilib. Konsertin iştirakçıları arasında 5 yaşından tutmuş ən müxtəlif yaşa qədər tələbələr var. Hətta tələbələrdən birinin 67 yaşı var. O, dünya və Avropa bəstəkarlıq məktəbi nümayəndələrinin bir neçə əsərini çox məharətlə ifa etdi. Tələbələrimdən biri “Koroğlu” operasından Nigarın ariyasını səsləndirib. Konsert mənim üçün həm də ona görə əhəmiyyətli idi ki, vaxtilə həmin səhnədə Müslüm Maqomayev, Bülbül, Şövkət Ələkbərova, Fidan Qasımova və Xuraman Qasımova kimi böyük sənətkarlar çıxış ediblər. Böyük sənət yolunda ilk addımlarını atan tələbələr üçün də bu, çox böyük başlanğıc idi. Mən belə kövrək, həssas və həm də duyğulu bir məqamda onların yanında olmağı özümə borc bildim ki, onlara dəstək olum özlərini itirməsinlər”.
Akademik Opera və Balet Teatrının solisti F.Hacıyeva rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin fəaliyyəti barədə də məlumat verdi. Bildirib ki, artıq iki ildir tələbələrə vokal musiqisinin sirlərini öyrədir. Vokalçı tələbələr həm ölkəmizdə, həm də onun sərhədlərindən kənarda ölkəmizi uğurla təmsil edirlər. Məktəbin iki tələbəsi bu il Milli Konservatoriyaya qəbul olunub. Tələbələrindən beynəlxalq müsabiqələrin laureatı olanlar var.
Qarşıdakı planları barədə danışan Xalq artisti deyib ki, dekabrın 7-də Azərbaycan Dövlət Opera və Balet Teatrında C.Rossinin "Sivilya bərbəri" operasında baş rol oynayacaq. Dekabrın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Vokal Musiqi Məktəbinin növbəti solo konserti olacaq. Dekabrın 19-dan 21-dək isə Belarusda Böyük Teatrda dünyanın ən məşhur opera müğənnilərinin iştirakı ilə keçiriləcək qala gecədə çıxış edəcək.