REGİONLAR
“Büdcə təşkilatlarında vergi uçotunun təşkili” adlı təlim başa çatıb
Naxçıvan, 29 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Büdcə təşkilatlarında vergi uçotunun təşkili” adlı ikigünlük təlim başa çatıb.
Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimə Naxçıvan Muxtar Respublikası Ədliyyə, İqtisadiyyat, Təhsil, Mədəniyyət nazirlikləri və digər təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında məlumat verib. O, təlimin əsas məqsədinin dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vergi uçotunun təşkili və uçot işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, təkmilləşdirilməsi və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasından ibarət olduğunu qeyd edib. Bu biliklərin artırılmasının isə həm vergi orqanları ilə əməkdaşlığın asanlaşdırılmasında, vergi bəyannamələrinin vaxtında və düzgün doldurulmasına köməklik göstərəcəyi bildirilib.
Təlimin ilk günü Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Babək Rayon Vergilər İdarəsinin əməkdaşı Cavid Ələkbərov “Büdcə təşkilatlarında vergi uçotunun təşkilinin nəzəri əsasları” modulu ətrafında çıxış edərək vergi uçotunun mühasibat uçotunun tərkib hissəsi olduğunu, vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi daşıdığını qeyd edib. Təqdimat zamanı vergilərin tutulması metodikası, onun informasiya mənbələri, internet vergilər idarəsinin təlimatları, onlayn kargüzarlıq, vergi orqanlarına onlayn müraciətlər və digər mövzular haqqında məlumat verilib. Növbəti gün “Büdcə təşkilatlarının təqdim etməli olduğu vergi bəyannamələrinin hazırlanması” modulu ətrafında vergi orqanlarına təqdim edilən bəyannamələrin hazırlanması və göndərilməsi qaydaları, məzuniyyətlərin əmsallaşdırılması, əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin hesablanması əməkhaqqı ilə bağlı müxabirləşmələr haqqında məlumat verilib, müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.