İQTİSADİYYAT
Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 93 milyon manat vəsaitin təmin edilməsi gözlənilir

Bakı, 2 iyun, AZƏRTAC
Əlavə qeyri-neft gəlirləri hesabına büdcə gəlirlərinin artımının 1 milyard 563 milyon manat hissəsi təmin edilir. Həmin vəsaitin 545 milyon manatlıq İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətindən təmin ediləcək vergi daxilolmaları hesabına, 925 milyon manatlıq hissəsi Dövlət Gömrük Komitəsinin xətti ilə təmin ediləcək gömrük daxilolmaları hesabına nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikləri təqdim edərkən deyib.
Nazir bildirib ki, eyni zamanda, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri və digər daxilolmalar üzrə 93 milyon manat vəsaitin təmin edilməsi gözlənilir. Neft gəlirləri hesabına 1 milyard 443 milyon vəsaitin təmin edilməsi gözlənilir. Həmin vəsaitin 457,7 milyonluq hissəsini Dövlət Neft Fondunun transferti, 985 milyon manatını isə Dövlət Vergi Xidmətinin xətti ilə neft sahəsinə yığılan vergi daxilolmaları təşkil edəcək.