REGİONLAR
“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlimdə 40-dan çox məktəbli iştirak edib
Naxçıvan, 25 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində keçirilən təlimdə 40-dan çox məktəbli iştirak edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ilk mərhələdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanovanın slaydlar vasitəsilə “Büdcəmizi anlayaq” mövzusunda çıxışı dinlənilib. Təlimin növbəti mərhələsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyunlar vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.
Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı, qənaət, yığım və digər bacarıqların erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir.
Təlim şagirdlərə maliyyə savadlılığı üzrə biliklərin əldə edilməsi və bu biliklərin təqdim edilməsi, onların yaradıcı düşünmə bacarıqlarının artırılması və maliyyə savadlılığının təşviq edilməsi imkanı yaradır.