İQTİSADİYYAT


Budəfəki hərracda 30 dövlət əmlakına 5-i elektron olmaqla 36 sifariş verilib

Bakı, 13 fevral, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 12-də Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib. Sadə hərrac prosedurları və geniş seçim imkanları ilə vətəndaşlar hərracda aktiv formada iştirak edib. Budəfəki hərracda 30 dövlət əmlakına ümumilikdə 36 sifariş qəbul edilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, elektron hərrac fürsətlərindən istifadə edən 5 vətəndaş olduğu məkandan seçdiyi dövlət əmlakının sifarişçisinə çevrilib. Hərracda özəlləşdirilən səhmdar cəmiyyəti Tərtər şəhəri, V.S.Həsənov küçəsində yerləşir. “Tərtər İxtisaslaşdırılmış Nəqliyyat”ın 44 faizlik səhm paketini investor 6 min 251 manata özəlləşdirib. Ümumi faydalı sahəsi 13.1 kvadratmetr ilə 726.3 kvadratmetr arasında olan kiçik dövlət müəssisə və obyektləri paytaxtla bərabər digər şəhər və rayonlarda yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsindəki emalatxananın ümumi faydalı sahəsi 582.6 kvadratmetrdir. İştirakçı bu dövlət əmlakını torpaq sahəsi ilə birgə 38 min manata özəlləşdirib. “Şəkisutikinti” Törəmə Müəssisəsinin isə ümumi faydalı sahəsi 726.3 kvadratmetrdir. Şəki şəhəri, Oğuz şosesindəki obyekt 46 min 136 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Hərracda öz sahibini tapan digər kiçik dövlət müəssisələri isə paytaxtın Xəzər, Sabunçu və Nəsimi rayonlarında eləcə də, Qax, Lənkəran və Beyləqan rayonlarındakı ictimai iaşə və ticarət obyektləridir. Özəlləşdirilən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 36.4 kvadratmetr ilə 267.6 kvadratmetr arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakının ümumi faydalı sahəsi 101.2 kvadratmetrdir. Hərrac iştirakçısı bu obyekti 7 min 500 manata özəlləşdirib.

Nəqliyyat vasitələrinə yüksək maraq budəfəki hərracda da müşahidə edilib. Belə ki, iştirakçılar tərəfindən buraxılış tarixi 2005-2008 intervalında olan 12 avtomobil özəlləşdirilib. Nəqliyyat vasitələri “BMW”, “Volkswagen”, “Fiat” və “Qaz” markalarına aiddir. Özəlləşdirilən avtomobillərin yekun qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.

Komitə tərəfindən növbəti hərrac fevralın 19-da keçiriləcək. Hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir. Hər kəs komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşula bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.