İQTİSADİYYAT
Bugünkü hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 18-də keçirilən hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 150 sifariş qəbul olunub, bunun 31-i elektron qaydada həyata keçirilib. Hərracda qalib şəxslərdən 4-ü isə onlayn şəkildə iştirak edən sifarişçi olub.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin hərracının rəqabətli olması buna əyani sübutdur.
İlkin satış qiyməti 7500 manat olan “Hyundai Sonata” markalı avtomobilə ən son təklif 2 dəfəyə yaxın artaraq 14 min manat olub. İlkin satış qiyməti 5 min manat olan “Fiat Doblo” markalı avtomobil təklifdən 2500 manat çox olmaqla 7500 manata özəlləşdirilib.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 204 min 360 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3nByqdX )
Qeyd edək ki, növbəti hərraclar yanvarın 25-i, fevralın 1-i, 15-i və 22-də keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.