DÜNYA
Bundestaqda radikal sağçı qüvvələrin peyda olması Almaniyaya nə vəd edir?
Berlin, 26 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın xəbər verdiyi kimi, Almaniyada parlament seçkilərində radikal sağçı qüvvələr seçicilərin 12,6 faiz səsini toplayıblar. Bu nəticə də onlar üçün uğurlu sayılır. Amma almaniyalı ekspertlər əmin deyillər ki, “Almaniya üçün alternativ” (AüA) ölkənin siyasi partiyalar landşaftında öz yerini möhkəmləndirməyi bacaracaq. “Almaniya demokratiyası üçün stress-test” - seçkilərin yekunlarına dair ilk şərhlər məhz bu mövzuda olub.
“Frankfurter Allgemeine Zeitung” qəzetinin istinad etdiyi “Infratest dimap” institutunun əməkdaşı Niko Zigel hesab edir ki, hələlik AüA özü belə stress-testə davam gətirməlidir. Sosioloqun fikrincə, bu partiyanın həddindən çox müxtəlif cinahı var. Onun liderlərinin parçalanmanın qarşısını ala biləcəyi, yetərincə çoxsaylı parlament fraksiyasında çəkişmə və ixtilafların başlamayacağı şübhə doğurur.
Amma müşahidəçilər ifrat sağçı partiyanın Bundestaqda peyda olmasını özlüyündə tamamilə qanunauyğun hadisə adlandırırlar.
İfrat sağçı partiya, çətin ki, nə vaxtsa Almaniyanın siyasi sistemindən həmişəlik yox olsun. Bəs AüA belə bir partiya olacaqmı? Bunu demək çətindir. Amma hər bir məsələnin iki tərəfi var. Uzun onilliklər ərzində Almaniyada partiyanın ifrat sağ cinahda möhkəmlənməsinin qarşısının alınmasının mümkün olması faktını nasional-sosializmin tarixi təcrübəsi kimi izah etmək olar. Amma indi 1933-1945-ci illər dövrü bir çox insanlar üçün çoxdan ötüb keçən günlərin tarixinə çevrilib. Nəticədə ifrat sağçı partiyalara münasibətdə dözümlülük artıb.
Aydındır ki, belə bir partiya da Bundestaqda mütləq geniş təmsil olunacaq. Hazırda AüA olduğu kimi. Amma şübhə yoxdur ki, bu cür partiya hər dəfə beş faizlik həddi aşmalı olacaq. Sol tərəf var, sağ tərəf var və əgər təqribən 80 faizi mərkəz – bir-biri ilə koalisiyaya girməyi bacaran partiyalar təşkil edirsə, onda belə vəziyyət təhlükəli sayılmamalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin