DÜNYA
Bundestaqın bəzi deputatları “Şimal axını-2” qaz kəmərinin tikintisinə qarşıdır
Berlin, 20 fevral, AZƏRTAC
Almaniya bundestaqında və Avropa parlamentində Xristian-Demokratlar İttifaqı, Xristian-Sosial İttifaqı, “Yaşıllar” və Azad Demokratlar Partiyalarını təmsil edən 7 deputatı “Şimal axını-2” qaz kəmərinin tikintisinə qarşı çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, bu gün “Frankfurter Allgemeine Zeitung” qəzetində birgə bəyanat dərc olunub. Bəyanatda deyilir: Berlinlə Moskvanın müştərək işi elə başa düşülməməlidir ki, “almanlar və rusiyalılar Almaniyanın Aİ ölkələrindən olan tərəfdaşlarının başı üzərindən hansısa məsələ barəsində razılığa gəliblər”.
Müraciətin müəlliflərinin fikrincə, Aİ-nin energetika sahəsindəki siyasəti və tərəfdaşlarla əməkdaşlığı Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya çəkilən qaz kəmərinin ikinci mərhələsinin tikintisinə qarşı olduğunu göstərir. Sənəddə vurğulanır ki, bu layihənin icrası “Aİ-nin parçalanmasına və ona olan etimadın itməsinə” gətirib çıxaracaq.
Parlamentarilər xatırladıblar ki, “Şimal axını-2”nin tikintisi Baltik ölkələri, İsveç, Danimarka, Polşa, Slovakiya və Ukraynada fəal qarşıdurmaya səbəb olub ki, bunu da enerji təhlükəsizliyi baxımından başa düşmək çətin deyil. Almaniyanın yeni hökuməti qaz kəməri məsələsində öz mövqeyini açıq şəkildə bəyan etməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin