ELM VƏ TƏHSİL
Buraxılış imtahanı keçirilən şəhər və rayonlarda ümumilikdə 126 bina ayrılıb
Bakı, 20 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-23-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 126 imtahan binası, 2055 imtahan zalı ayrılıb.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.