ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin nəzərinə
Bakı, 27 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 29-30-da respublikanın 20 şəhər və rayonunda növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Şagirdlər (abituriyentlər) imtahana qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər.