ELM VƏ TƏHSİL


Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apellyasiya təşkil ediləcək

Bakı, 17 may, AZƏRTAC

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya təşkil ediləcək.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən il imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20-25 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 20-dən 23-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlə yanaşı, onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.