MƏDƏNİYYƏT
“Burdan bir mələk ötüb...” kitabının təqdimatı olub
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində “Burdan bir mələk ötüb...” kitabının təqdimatını keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitab Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar yazıçı-publisist Zöhrə Əsgərovanın kitabxana ilə birgə layihəsi əsasında hazırlanıb.
Tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq uşaqları təbrik edib və bildirib ki, bu kitab uşaqlara böyük hədiyyədir. Kitab mövzu baxımından maraqlı və rəngarəngdir. 17 hekayədən ibarət olan kitab kiçik və orta məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Daha sonra kitabın müəllifi, yazıçı Zöhrə Əsgərova uşaqları səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, kitabda uşaqların nəcib, xeyirxah və vətənpərvər vətəndaş kimi formalaşmasında onlara istiqamət verən yaşlı nəslin ailədə, cəmiyyətdə fəal iştirakı öz əksini tapıb.
Sonda kiçikyaşlı oxucular şeirlər söyləyib və dövlət himnimizi ifa ediblər.