MƏDƏNİYYƏT


Bursada “İlteriş Müqəddəs Kağan” memorial kompleksi və daş kitabəsinin təqdimatı keçirilib VİDEO

Bursa, 26 sentyabr, AZƏRTAC

Türkiyənin Bursa vilayətində keçirilən “Orxundan Orxan Qaziyə” mövzusunda IV Beynəlxalq arxeoloji və mədəni ekskursiya çərçivəsində türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən “İlteriş Müqəddəs Kağan” memorial kompleksi və daş kitabəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunub.

Türk tarixi üçün son 130 ilin ən mühüm kəşflərindən və türk adının keçdiyi ən qədim qaynaq olan “İlteriş Müqəddəs Kağan” memorial kompleksi və daş kitabəsi Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının birgə arxeoloji qazıntıları nəticəsində aşkar edilib.

Tədbir çərçivəsində tarixi kəşfi özündə əks etdirən elmi əsərlərin təqdimatı keçirilib və bu mövzuda müzakirələr aparılıb.

Mərasimdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Türk Dil Qurumunun rəhbəri Gürer Gülsevin və digərləri iştirak ediblər.

Beynəlxalq arxeoloji və mədəni ekskursiyada Azərbaycan, Türkiyə, Rusiya, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Monqolustandan nümayəndələr iştirak edirlər. Proqram çərçivəsində iştirakçılar Bursa və ətraf bölgələrin tarixi yerlərini ziyarət edirlər.

Beynəlxalq Türk Akademiyasının “Türk dünyasının müqəddəs yerləri” layihəsi çərçivəsində ənənəvi arxeoloji və mədəni turları çərçivəsində növbəti tədbirinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşa şəhərinə təşkili planlaşdırılır.

Bu turlardan birincisi 2015-ci ildə Rusiyanın Altay Respublikasında “Qızıl beşik Altay” mövzusunda keçirilib. Növbəti tədbir 2016-cı ildə “Tanrı dağlarından Ötükənə” mövzusunda Monqolustanda, üçüncü tur isə “Kentaydan Ulutauaya: Yenilənmə” idi. Tarixi Yaddaş” mövzusunda 2017-ci ildə Qazaxıstanda baş tutub.

 
Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.