İQTİSADİYYAT


“Buta Airways” İzmirə reyslərin sayını artırır

Bakı, 29 iyul, AZƏRTAC

Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” iyulun 30-dan etibarən Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayını artırır.

Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yay uçuş cədvəli çərçivəsində həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq. Bununla da bu istiqamətdə reyslərin sayı həftədə 10 dəfəyə çatdırılacaq.

Ölkədə epidemioloji vəziyyətlə və məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aviaşirkət biletləri yalnız iki tarif – “Standart” və “Super” tarifləri üzrə təklif edir.

Hər iki tarifə təyyarədə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin uçuşlara biletləri “butaairways.az” rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz. Aviabiletin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Pandemiya ilə əlaqədar tətbiq edilən bütün rəsmi prosedurlardan əvvəlcədən keçmək üçün sərnişinlərə qeydiyyatdan üç saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey 

Azərbaycana gələn sərnişinlərin həmçinin ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaları tövsiyə edilir: https://www.butaairways.az/az/covid/azerbaijan 

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən il dekabrın 6-dan İzmirə xüsusi reyslər həyata keçirir.

Onu da qeyd edək ki, Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokola əsasən, 2021-ci ilin aprelin 1-dən etibarən iki ölkə vətəndaşları sadəcə yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa səfərlər edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.