İQTİSADİYYAT
Buzovna qəsəbəsində məktəblər üçün yeni korpuslar tikilir
Bakı, 4 yanvar (AZƏRTAC). “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində bir neçə təhsil müəssisəsinin əlavə korpuslarının tikintisi davam etdirilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 26 nömrəli orta məktəbin üçmərtəbəli yeni korpusunun birinci və ikinci mərtəbələrində suvaq işləri görülür, elektrik kabellərinin çəkilişi aparılır, döşəmələr və pəncərələr qoyulur. Burada, həmçinin müasir istilik sistemi quraşdırılacaqdır.
Qəsəbədəki 125 nömrəli orta məktəbin də yeni korpusunun inşası yüksək sürətlə gedir. Artıq binanın üçüncü mərtəbəsində inşaat işləri yekunlaşmışdır. Binanın fasad və divarları üzlük daşla üzlənmiş, dama müasir şifer örtüyü vurulmuş, yeni su, işıq və kanalizasiya xətləri çəkilmişdir.
Hər iki obyekt 2013-cü ilin sentyabrında – yeni tədris ilinin başlanğıcında istifadəyə veriləcəkdir.
Bundan əlavə, Buzovna qəsəbəsində 206 nömrəli məktəbin yeni korpusu - 6 əlavə sinif otağı, akt və idman zalları tikilir.
Hazırda binanın dam örtüyü vurulur. Eyni zamanda, istilik və havalandırma sistemi, elektrik xətlərinin çəkilməsi və s. işlər görülür. Yeni korpusdakı sinif otaqlarında müasir təhsil üçün hər cür şərait yaradılmış, buranın sutka ərzində içməli su ilə təchizatı üçün müvafiq işlər görülmüşdür.