DÜNYA
CASUS PEYK QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİNİ AŞKARLADI
Bu kəşf 1960-cı illərdə ABŞ-ın casus təyyarəsinin “Tac” adlı müdafiə proqramı çərçivəsində çəkdiyi və təxminən 10 il əvvəl məxfilikdən çıxarılan fotoşəkillər dərindən öyrənilərkən edilmişdir.
Əldə edilmiş təsvirləri daha dərindən araşdırmaq məqsədi ilə arxeoloqlar qrupu Suriya ərazisinə ekspedisiyaya getmişdir. Orada Avstraliya alimləri Bizans dövrünə aid bazilikanın fraqmentlərini, tunc dövrünün başlanğıcına aid 24 hektar sahədə istehkam halında olan yaşayış məskəni, erkən islam dövrünün dulusçuluq emalatxanalarını və meqalitik qəbirlər dövrünə aid dəfn kompleksi aşkara çıxarmışlar. Bundan başqa, orta paleolit dövrünün 130-140 min il əvvəl yaradılan alətləri tapılmışdır. Güman edildiyinə görə, onları ya neandertallar, ya da erkən müasir insanlar düzəltmişlər. Tapıntılar arasında Aşöl mədəniyyətinin bir neçə aləti də var. Onlar sübut edə bilər ki, insan bu regionda indiyədək güman olunduğundan bir neçə yüz min il əvvəl məskunlaşmışdır.
Qazıntılar zamanı aşkara çıxarılan bəzi tapıntılar qədimlərdə bu yerlərdə yaşamış insanlar barədə tarixçilərin təsəvvürünü tamamilə dəyişdirə bilər. Məsələn, güman edilirdi ki, VI əsrin ortalarından kənd təsərrüfatı sivilizasiyaları durğunluq vəziyyətinə düşmüşdür. Lakin bunun əksinə olaraq, arxeoloqlar bu sivilizasiyaların çiçəkləndiyini sübut edən maddi əşyalar tapmışlar.