SİYASƏT
ÇİNDƏ AZƏRBAYCANIN UĞURLARINDAN SÖHBƏT AÇILMIŞDIR
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Çinin “Commercial Express ənd Overseas Agencies” təşkilatının dəvəti ilə Azərbaycanın ÇXR-dəki səfiri Yaşar Əliyev konfransda iştirak etmişdir.
Lucao rayonunun əlverişli sərmayə iqliminə malik olduğunu nümayiş etdirmək məqsədi ilə keçirilmiş konfransda sərmayələrin qoyuluşu üzrə danışıqların keçirilməsi, ticarət sərgisi, aparıcı sənaye müəssisələri və şirkətlər ilə tanışlıq təşkil edilmişdir.
Tədbirdə iştirak edən on iki diplomatik və iki ticarət nümayəndəliyinin başçılarından və əməkdaşlarından ibarət nümayəndə heyətinə Azərbaycanın ÇXR-dəki səfiri sədr seçilmiş və diplomatik korpusun adından konfransda ilk sözlə çıxış etmişdir.
Konfransın açılışında Çin Kommunist Partiyasının Lucao Rayon Komitəsinin sədri və Lucao xalq hökumətinin başçısı çıxış edərək rayonun qədim tarixi və bugünkü nailiyyətləri barədə söhbət açmışlar.
Konfrans iştirakçıları Lucaonun aparıcı şirkətlərinin istehsal etdiyi malların sərgisi ilə tanış olmuşlar. Bununla yanaşı, “Jiajiue” motosikllar və “Shuanglu” kondisioner zavodlarına tanışlıq səfərləri təşkil edilmişdir.
Çinin və bir çox ölkələrin (ABŞ-ın, Niderlandın, Pakistanın və s.) sərmayədarlarının iştirak etdiyi tədbirlərdə çıxış edən Azərbaycan səfirliyinin nümayəndələri, respublikamızda müstəqillik dövründə həyata keçirilmiş iqtisadi islahatların, xarici sərmayələrin cəlb edilməsi istiqamətində yaradılmış qanunvericilik bazasının, son illər əldə edilmiş makro-iqtisadi və siyasi sabitliyin, yüksək iqtisadi göstəricilər barədə konfrans iştirakçılarına məlumat vermiş və xarici iş adamlarını respublikamıza sərmayə qoymağa dəvət etmişlər.