DÜNYA
ÇİNDƏ HAMI BİLİR: GƏNC TƏBİBLƏR NADİR HALLARDA SƏHV EDİRLƏR
Bakı, 30 iyun (AZƏRTAC). Uşaqların həkim olduqları klinika son vaxtlar Pekində qeyri-adi dərəcədə məşhur olmuşdur. Reseptlərdə isə massaj, iynəbatırma və bu kimi xalq təbabəti müalicə üsulları yazılır. Pasiyentləri həkimlərin nə yaşı və nə də müalicə üsulları təəccübləndirmir. Vunderkindlər nəbzin vurmasının 600 növünü fərqləndirə bilirlər. Onlar bunu necə edirlər – müəmmadır.
Həkim Yanın Pekindəki klinikasını unikal hesab edirlər. Ona görə ki, burada həkimlər pasiyentlərdən çox-çox gəncdirlər. Qədim dövrlərdə olduğu kimi, professor məktəbəqədər yaşlı uşaqları cəlb etməklə yeni heyəti əvvəlcədən müəyyənləşdirir. O, Çin təbabətinin ən sirli bölməsinə - nəbzin diaqnostikasına dair biliklərini şagirdlərinə öyrədir. Nəbzin vurmasının 600 növünü fərqləndirmək üçün paranormal hissiyata yaxın diqqət və qabiliyyət tələb olunur. Yekun diaqnozu professorun başçılıq etdiyi konsilium müəyyənləşdirir. Pasiyentlər isə bilirlər: gənc həkimlər nadir hallarda səhv edirlər. Onların buna necə nail olduqlarını heç kim bilmir. Klinikaya çəkiliş aparmağa gələn xarici ölkələrin KİV-lərinin əməkdaşları vunderkindlərin qəribə qabiliyyətlərinin şahidi olmuşlar. Balaca həkimlər pasiyentləri dəqiq müayinədən keçirir və orijinal müalicə üsulları təklif edirlər.
Çin təbabəti tarixinin kökləri uzaq keçmişə gedib çıxır. Qədim dövrlərdə çinlilər qurudulmuş bitkilərdən, cücülərin süfrələrindən dərman hazırlamağı öyrənmişlər. Bu müalicə üsulları indi də öz bəhrəsini verir. Əslində bu, xəstəxanaları, klinikaları və institutları olan paralel səhiyyə sistemidir. Yeri gəlmişkən, qədim təbabətin sirrlərini gənc yaşlarından öyrənmək lazımdır.
Tibb elmləri doktoru Yan Çisyun demişdir: “Klinik təcrübə məni inandırmışdır ki, bir çox xəstəliklərin təməli uşaq yaşlarından qoyulur. Məhz buna görə, insana gənc yaşlarından tibbi bilikləri aşılamaq lazımdır. Yanın klinikasında uşaqlar pasiyentləri müalicə etməklə yanaşı, özləri də müalicə olunurlar. Müalicə üsulları sözsüz ki, qədim Çin təbabətinə əsaslanır. Yaşlı şəxslərə adətən iynəbatırma seansları təklif edilir. Bu zaman iynənin ucuna xüsusi fitil geydirilir. O, fəal nöqtələrə termik təsiri təmin edir və böyük səmərə verir. Pekində kiçik yaşlı həkimlərə öz sağlamlığını etibar edənlərin sayı get-gedə artırır. Bura Çinin digər şəhərlərindən də xəstələr müalicə olunmağa gəlirlər.