SİYASƏT
ÇİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AZƏRBAYCANIN MÖVQEYİNİ DƏSTƏKLƏYİR
Çin Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyir. Bu məlumatı AZƏRTAC-a Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən bildiriblər. Səfirliyin mətbuat xidmətindən deyiblər ki, Çin dövlətlərin ərazi bütövlüyü məsələsinə çox həssas yanaşır və Dağlıq Qarabağ münaqişəsinin də məhz Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Azərbaycanın Tayvan məsələsində Çinin mövqeyini dəstəkləməsi rəsmi Pekin tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, BMT TŞ-nın daimi üzvü kimi Çin dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipini əsas götürür. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır və Çin Azərbaycanın bu mövqeyini dəstəkləyir.