MƏDƏNİYYƏT
Çelyabinskdə keçiriləcək fotofestivalda iştirak üçün müsabiqə elan edilib
Bakı, 31 iyul, AZƏRTAC
Rusiyanın Çelyabinski vilayətinin Mədəniyyət Nazirliyi 2016-cı ildə Çelyabinski şəhərinin 280 illik yubiley tədbirləri çərçivəsində “Fotofest-2016” VII Beynəlxalq fotofestival keçirəcək. Festivalda Azərbaycan fotoqraflarının yaradıcılığından ibarət xüsusi sərgi təşkil ediləcək.
Azərbaycan Fotoqrafları Birliyi (AFB) Çelyabinskdə keçiriləcək fotofestivalda “Azərbaycan multikulturalizm diyarıdır” adlı fotosərgi ilə iştirak edəcək. AFB idarə heyətinin qərarı ilə sərgidə iştirak etmək üçün müsabiqə elan olunur.
AFB-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak edənlərə sertifikat təqdim ediləcək və seçilmiş fotolar Çelyabinskdə nümayiş olunacaq.
Müsabiqədə Azərbaycanda yaşayan milli azlıqların mədəniyyəti, məişəti, adət ənənələri, mətbəxi, yaşadığı coğrafi mövqe, tolerantlığı, insanları – alimləri, tanınmış şəxsiyyətləri, xalq sənəti nümunələri və sənətkarları ilə bağlı fotolar əksini tapmalıdır.
Müsabiqəyə fotolar avqustun 5-dək qəbul ediləcək. İştirak etmək istəyənlər fotolarını [email protected] ünvanına göndərməlidir. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1200 piksel olmalıdır. Fotolar Azərbaycanda çəkilməlidir.
Hər kəs müsabiqəyə 10 foto və ya hər biri beş fotodan ibarət 2 reportaj təqdim edə bilər. Hər bir müəllif adını, soyadını, fotonun adını və foto haqqında qısa məlumatı qeyd etməlidir.
Müsabiqənin nəticələri avqustun 10-da açıqlanacaq.