MƏDƏNİYYƏT
Çexiya Parlamentinin Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib
Praqa, 19 yanvar, AZƏRTAC
Çexiya Parlamentində Çexiya-Azərbaycan İttifaqı Təşkilatının sədri Eldar Vəliyevin Parlament Kitabxanasının əməkdaşları ilə görüşü olub.
Eldar Vəliyev görüşün yekunları barədə AZƏRTAC–a müsahibəsində deyib: “Bu gün biz Çexiya Parlamentinin Kitabxanasına fransalı məşhur hərbi müxbir, Azərbaycan mənşəli fotoqraf Reza Deqatinin nəşr etdirdiyi iki nadir kitabı hədiyyə etdik”.
Oxucular bu kitablar vasitəsilə Azərbaycanın ecazkar təbiəti, hərtərəfli mədəniyyəti, möhtəşəm memarlığı və zəngin etnoqrafiyası ilə tanış olacaq, eyni zamanda, 33 il bundan əvvəl Bakıda baş vermiş və məşhur jurnalist Reza Deqatinin fotokamerasının obyektivi sayəsində əbədiləşdirilmiş, müstəqil Azərbaycanın formalaşması üçün taleyüklü hadisələri xatırlayacaqlar.
Çexiya Parlamentinin Kitabxanasının ədəbiyyat fondları şöbəsinin müdiri Renata Xamplova kitab fonduna bu dəyərli hədiyyəyə görə azərbaycanlılara təşəkkür edib və ümidvar olduğunu bildirib ki, bu kitabların sayəsində oxucular, o cümlədən Çexiya Parlamentinin deputatları və senatorları Azərbaycanla daha yaxından tanış ola biləcəklər. Tərəflər gələcəkdə də əlaqələri davam etdirmək, informasiya yayılması üzrə birgə layihələr üzərində işləmək barədə razılığa gəliblər.
Eldar Vəliyev deyib: “Mən bizim təşkilatın və Çexiyada müəllimlik fəaliyyətimin əsas vəzifələrindən birini bu dost ölkənin əhalisi arasında Azərbaycan haqqında bilikləri yaymaqda görürəm”.
Xatırladaq ki, Eldar Vəliyev 2015-ci ildən Karl Universitetinin fəlsəfə fakültəsində Azərbaycan dili və Azərbaycan tarixi üzrə xüsusi kurslar tədris edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa