SİYASƏT
Çexiyada güclü Azərbaycan diasporu formalaşmışdır
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan diasporunun Çexiyada fəaliyyəti, soydaşlarımızın birləşməsi istiqamətində həyata keçirilən tədbirlər barədə bu ölkədə yaşayan Azərbaycan diasporunun fəal üzvlərindən biri, Çex-Azərbaycan Elm-Mədəniyyət Mərkəzinin sədri, professor Azər Kərimov AZƏRTAC-a müsahibə vermişdir.
- Azər müəllim, Çexiyada fəaliyyətiniz barədə qısaca nə deyərdiniz?
-Mən 24 ildir ki, Çexiyada yaşayıram. Brnov şəhərinin Texnoloji Universitetində iqtisadiyyat kafedrasının elmlər doktoru və professoruyam. Mən bu ali təhsil ocağında MDB ölkələri üzrə təhsil işləri kuratoru təyin olunmuşam, eyni zamanda, Azərbaycanın beynəlxalq diaspor mərkəzinin Avropa ölkələri üzrə əlaqələndiricisi və Çex-Azərbaycan Elm-Mədəniyyət Mərkəzinin sədriyəm. Bütün bu müddətdə Çexiyada Azərbaycan diasporunun formalaşmasında, lobbi təşkilatlarının yaradılmasında fəal iştirak etmişəm.
- Çexiyada Azərbaycan diasporunun fəaliyyətində hansı məsələlər prioritet təşkil edir?
- Bildiyiniz kimi, bu il Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Avropanın bır sıra ölkələrində fəal iş aparılır. Bu sahədə Çexiya diasporu da istisna deyildir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin ideyaları xaricdə yaşayan hər bir azərbaycanlı üçün örnəkdir. Bu baxımdan azərbaycançılıq ideyası, ölkəmizin həqiqətlərinin Avropada tanıdılması diasporumuzun fəaliyyətində prioritet istiqamət təşkil edir.
Bu gün diasporumuzun hər bir üzvü Vətənimizin hüdudlarından kənarda öz xalqının milli mənəvi dəyərlərini qorumalıdır. Xaricdə yaşayan hər bir soydaşımız özünün bilik və bacarığı ilə Azərbaycan xalqı haqqında fikir formalaşdırır. Bu çox vacib amildir. Hər birimiz bunu dərk etməliyik. Bu ideyalardan çıxış edərək çalışırıq ki, Çexiyada yaşayan azərbaycanlılar da ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etsinlər.
- Bu gün Çexiyada Azərbaycan diasporunun neçə üzvü vardır?
- Bu gün Azərbaycanın Çexiyadakı diasporunun 1000-dək üzvü vardır. Onlar arasında çoxlu iş adamı, elm xadimi, eləcə də tələbələr vardır. Ölkədə bir neçə diaspor təşkilatımız fəaliyyət göstərir. Onlardan ən böyüyü Çex-Azər təşkilatı, Çex-Azərbaycan Elm-Mədəniyyət Mərkəzi ölkəmizin həqiqətlərinin çexiyalılar arasında təbliği, habelə iki dövlətin dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük işlər görür. Çalışırıq ki, soydaşlarımız ölkəmizlə bağlı tədbirlərdə fəal iştirak etsinlər, doğma Vətənləri ilə hər zaman əlaqədə olsunlar, ölkəmiz barədə dolğun məlumat əldə edə bilsinlər. Ölkəmizin üzləşdiyi faciələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların çex ictimaiyyətinə çatdırılmasında, milli bayramların, habelə anım tədbirlərinin keçirilməsində diaspor fəal iştirak edir.
-Bu gün Azərbaycanın Çexiyadakı diasporunun üzvləri ermənilərin uydurmalarına tutarlı cavab verə bilirlərmi?
- Dağlıq Qarabağ problemi bu gün Çexiyada yaşayan azərbaycanlıları da dərindən narahat edir. Mən ötən əsrin 50-ci illərində deportasiyaya məruz qalmış nəslin nümayəndəsiyəm. Ona görə də biz Dağlıq Qarabağ problemi ilə bağlı istər Çexiyada, istərsə də Avropanın digər ölkələrində keçirilən tədbirlərdə fəal iştirak edirik. Azərbaycan diasporu bu istiqamətdə xüsusi fəallıq göstərir. Dünya azərbaycanlıların III qurultayında bu məsələ bir daha geniş müzakirə olundu. Əminliklə deyə bilərəm ki, bu gün Çexiyada çox güclü Azərbaycan diasporu formalaşmışdır. Diasporumuzun üzvlərinin fəaliyyəti nəticəsində ermənilərin uydurma və yalanlarının qarşısı bu gün qətiyyətlə alınır.